Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrindən İstifadə

Energetika nazirliyinin minenerji.gov.az saytındakı məlumatda bildirilirki 

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurğulanıb.

Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Qeyd edilən Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.

Hidroenerji gücü 1135 MVt (22 ədəd stansiya, 12-si kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66 MVt (5 stansiya, 1-i hibrid), bioenerji gücü 38 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 40 MVt (9 stansiya, 1-i hibrid) təşkil edir. 1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək – 2,7 MVt, günəş – 3 MVt və bioenerji – 1 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 27 MVt olan 2 günəş elektrik stansiyası fəaliyyət göstərir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2020-ci ildə 168,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 2,2%-ni təşkil edib.

2020-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 25,8 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı İES-lərdə 24,3 milyard kVt·st, SES-lərdə 1069,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 96,1 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 6%-ni təşkil edib

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin hazırlanaraq təqdim edilməsi tapşırılıb. Bu məqsədlə, tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilməklə müvafiq sahədə dövlət siyasətinin əsas məqsədlərini, dövlətin vəzifələrini, təşviqedici mexanizmləri və digər əsas məsələləri özündə ehtiva edən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmış və dövlət qurumları ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ümumi gücü təqribən 1000 MVt olan 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilib. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələrinin hazırlanması təmin ediləcək.

Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcəkdir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri genişləndirilməkdədir. Bu istiqamətdə  bir çox beynəlxalq şirkət ilə əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmışdır. Aparılan danışıqlar yüksək rəqabət və şəffaf prinsiplər əsasında həyata keçirilən seçim prosesində şirkətlərin ölkəmizdə investisiya layihələri ilə bağlı təklifləri arasından ən əlverişli təkliflər seçilərək hökumətə təqdim edilmiş və bu işlər mütəmadi olaraq həyata keçirilməkdədir.

Təqdim edilmiş təkliflərin səmərəliliyi və xüsusilə də qiymət təkliflərinin ölkəmizdə külək və günəş enerjisi üzrə mövcud olan topdansatış qiymətləri çərçivəsində olduğu nəzərə alınaraq, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə   Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub. 2020-ci ilin 30 dekabr tarixində Energetika Nazirliyi, “Azərenerji” ASC və “ACWA Power” şirkətinin iştirakı ilə icrası nəzərdə tutulan 240 MVt külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq təkmilləşdirilmişdir. İcra müqaviləsinə uyğun olaraq, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilə layihələrinin müzakirəsi davam etdirilir və ən yaxın vaxtlarda bu müqavilələrin imzalanması nəzərdə tutulubdur.

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 Sərəncamı ilə Azərbaycan Respublikasında külək və günəş enerjisi üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi altında 7 işçi qrupu (Dövlət zəmanətlərinin verilməsi ilə bağlı, Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı, Hüquqi və institusional məsələlərlə bağlı, Ekoloji və sosial qiymətləndirmə ilə bağlı, Tikintiyə icazə və istismara qəbul ilə bağlı, Torpaq sahələrinin ayrılması ilə bağlı və Layihələrin iqtisadi qiymətləndirilməsi ilə bağlı) yaradılıb.

İcrasına qərar verilmiş layihələrlə yanaşı digər investisiya şirkətləri ilə əməkdaşlıq istiqamətində danışıqlar davam etdirilir. Eyni zamanda, ərazilər üzrə torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ərazilər üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması məqsədilə ölçü müşahidə qurğularının quraşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.

2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün 30%-ə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. Bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə pilot layihələr çərçivəsində elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə “Azərbaycanda bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” layihəsi həyata keçirilib. “VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30% hədəfinə nail olmaq üçün, 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda bu hədəf üzrə dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-ci ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

2020-ci ilin dekabr ayında Energetika Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və “Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülmüşdür. Hal-hazırda sözügedən işçi qrup yaradılmış və müvafiq konsepsiya sənədinin hazırlanması istiqamətində işlərin icrasına başlanılmışdır.

22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın region və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb. Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcəkdir.

Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılıb. İşğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilmişdir. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir.

Ölkəmizin təbii su ehtiyatlarının 25%-nin Qarabağ regionunda formalaşdığını nəzərə alaraq Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri Energetika Nazirliyinin və BOEMDA-nın əməkdaşları tərəfindən nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumatlar toplanılıb. Mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün artıq hazırlıq işləri görülür. Laçın rayonu ərazisində Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyası artıq istifadəyə verilib.


Haqqımızda

Bizim ixtisaslaşmış komanda müasir bazar tələblərinə uyğun olaraq müştərilərimizin məqsədlərinə çatması üçün inteqrasiya edilmiş, müstəqil xidmətlər və innovativ həll yolları təklif edir.

BAZAR ERTƏSİ - CÜMƏ GÜNÜ
09:00 - 18:00
ŞƏNBƏ
10:00 - 14:00

Bizə zəng edin

 +994512506565;

 +994512506565;

 +994125117895.

Bizə yazın

© 2015 - Texnoland MMC. Texnoloji Həllər!